Ədalət Tahirzadə
Ədalət Şərif oğlu Tahirzadə (23 may 1951, Xırxatala, Qutqaşen rayonu) — pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini.
== Həyatı ==
Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub.
1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub.
Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.
1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib.