Hindistan tayfaları
Hindistan əhalisinin 8,2 %-ni (84,3 milyon nəfər) tayfalar (rəsmi terminologiyaya görə "qeydə alınmış tayfalar" adlandırılır) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab ştatları, paytaxt Dehli və Çandiqarh və Pondişeri ittifaq ərazilərindən başqa bütün federal subyektlərdə yaşayırlar.
Hindistanda tayfaların əksəriyyətinin sayı 10-100 min nəfər arasındadır. Yalnız 50-yə qədər tayfanın əhalisi 100 min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin "Hindistan xalqları" adlı layihəsinə. əsasən 461 əhali icması, o cümlədən 175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur.
Tayfaların sıxlığı ən çox şimal-şərq ştatlarında qeydə alınır, Mizoram (94,5%), Naqalend (89,1%), Meqhalaya (85,9%), Arunaçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan ibarətdir. Digər tayfalar Çhattisqarh (31,8%), Carkand (26,3%), Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskunlaşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madhya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.