Məmmədağa Tərlanov
Məmmədağa Əlibaba oğlu Tərlanov (16 mart 1918, Bakı – 9 dekabr 1988, Bakı) — Azərbaycan təsviri və tətbiqi sənətinin tədqiqatçısı, sənətşünas alim, professor, müəllim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. Əslən Bakının Novxanı kəndindən olan rəssam 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. Həmin ilin iyun ayında cəbhəyə yollanmışdır. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan Məmmədağa əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub.
1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947–1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi.