Səməd Vurğunun Ev Muzeyi
Səməd Vurğunun Ev Muzeyi — Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, Səməd Vurğunun (1906–1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeliyindədir.
Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur.
Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirmişdir.