Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim.
Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib.
1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib.
Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.
2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.
1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.
1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.
1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.