Fətəli xan Xoylu
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əski. فتحعلی خان خویسکی; 25 noyabr (7 dekabr) 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır.
== Həyatı ==
=== İlk illəri ===
Fətəli xan Xoyski 25 noyabr (7 dekabr) 1875-ci ildə Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.
Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.
Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi.