Şərur yallısı
Şərur yallısı - Azərbaycan xalqına məxsus, Naxçıvan Muxtar Respublikası üçün xarakterik olan rəqs növlərindən biri
===== Ümumi məlumat =====
Naxçıvan təkcə tarixi memarlıq abidələri ilə deyil, həm də mədəniyyətimizin ən qədim nümunəsi olan folklor rəqsləri - yallıları ilə tanınır. Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi yallılar öz orijinallığı ilə fərqlənir. Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir - yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir.Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Dədə Qorqud” boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub.
Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən artıq növü olub.Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Böyük şəxsiyyətlər, görkəmli sənət adamları Şərur torpağını yallı rəqslərimizin beşiyi adlandırıblar. Yallını bu torpağın qədimlik rəmzi, Oğuz möhürü kimi dəyərləndirənlər də çoxdur. "Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub-saxlayın. Bu, Naxçıvanın tacıdır" - deyə ulu öndər Heydər Əliyev vaxtilə bildirib. Elə o vaxtdan bölgədə folklor sənətimizin bu incisinə diqqət və qayğı çoxalıb.