Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu (ing. Military Assistance Command, Vietnam – Studies and Observations Group, MACV-SOG) — Vyetnam müharibəsindən əvvəl və müharibə zamanı gizli qeyri-ənənəvi müharibə əməliyyatları həyata keçirən yüksək dərəcədə məxfi, çoxxidmətli ABŞ xüsusi əməliyyat birlik.
24 yanvar 1964-cü ildə yaradılmışdır. Vyetnam Respublikasında (Cənubi Vyetnam), Vyetnam Demokratik Respublikasında (Şimali Vyetnam), Laosda və Kambocada strateji kəşfiyyat missiyaları həyata keçirmişdir. "MACV-SOG" düşmən əsirlərini ələ keçirmiş, vurulan pilotları xilas etmiş, Cənub-Şərqi Asiyada hərbi əsirləri geri qaytarmaq üçün xilasetmə əməliyyatları aparmış, gizli agent qruplarının fəaliyyəti və psixoloji əməliyyatlar aparmışdır.
Birlik Vyetnam müharibəsinin əhəmiyyətli kampaniyalarının əksəriyyətində, o cümlədən ABŞ-nin artan iştirakına səbəb olan Tonkin körfəzi hadisəsində, Polad pələng əməliyyatı, Pələng köpək əməliyyatı, Tet hücumu, Kamboca kampaniyası, Lamşon 719 əməliyyatında və Pasxa hücumunda iştirak etmişdir. Birlik öz fəaliyyətinin Vyetnam Respublikası Ordusunun Strateji Texniki Direktorluğuna köçürülməsini dəstəkləmək üçün 1 may 1972-ci ildə ixtisar edilmiş və Strateji Texniki Müdirliyə Yardım Qrupu 158 adlandırılmışdır. Bu, Vyetnamlaşdırma səylərinin bir hissəsi idi.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu 24 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığının köməkçi komandanlığı kimi Birləşmiş Qərargah Rəisləri tərəfindən yaradılmış çox məxfi, birgə qeyri-ənənəvi döyüş tapşırıq qrupu idi. Bu, ilk növbədə Birləşmiş Ştatlar Ordusunun Xüsusi Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəxsi heyətindən və Birləşmiş Ştatların Dəniz Piyadaları Qüvvələrinin kəşfiyyat bölmələrinin elementlərindən ibarət idi.