Aləmin yatdığı vaxt
Aləmin yatdığı vaxt və ya İlin təhvil olunması anı — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir.
== Təsviri ==
Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər. Zəngəzur azərbaycanlılarının inanclarında bu an belə qeyd edilir: "Gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur". Ağdaş azərbaycanlıları təzə suyu zəm-zəm suyu, dirilik suyu və ya Cənnətdən gələn su hesab edirdilər.
Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır.