Yolayrıc
Yolayrıc — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Yolayrıc - avarca “Нуxlбикь” (“нуxl - yol” və “бикь - ayrıc”) sözünün azərbaycan dilinə tərcümə olunmasından alınmış kənd adıdır.
Yolayrıc kəndi Zaqatala rayonunun inzibati ərazi vahidi kimi rayon mərkəzindən 18 km cənubda, qaraçay çayının sağ sahilində, düzənlik ərazidə yerləşir. Kənd şimaldan Höytala, cənub-şərqdən Danaçı, qərbdən isə III Tala kəndləri ilə həmsərhəddir. Kəndi Höytala ilə su kanalı, Danaçı ilə meşə sahələri, III Tala ilə isə Qaraçay çayı ayırır. Kəndin şimaldan cənuba orta uzunluğu 4 km, şərqdən qərbə isə 2.5 km təşkil edir. Kəndin ərazisi yaşayış məntəqələrindən, iki böyük əkin sahəsindən, şimaldan cənuba doğru uzanan, kəndin təxminən orta hissəsindən keçən əsas yoldan və ona bitişik digər kənddaxili yollardan ibarətdir.
Kəndin salınması XVI əsrin sonlarına XVII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, kənddə yerləşən qəbiristanlıqda oxuna bilən ən qədim qəbir daşı (Hacı Süleyman) XVII əsrə təsadüf edir. Bu isə həmin əsrdə əhalinin məskunlaşmasından və təsərrüfat həyatından xəbər verir.