Gəncə zəlzələsi (1139)
Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ. Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.
== Tarixi ==
Gəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı".
Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil.