Azad zabitlər hərəkatı (Misir)
Azad zabitlər hərəkatı (ərəb. الضباط الأحرار, ad-Dübbat əl-Əxrar) — Misirdə monarxiyanı devirən iyul inqilabını həyata keçirən ordu daxilində gizli təşkilat. Üzvləri əsasən kiçik rütbəli zabitlərdən ibarət olmuşdur. Polkovnik-leytenant Camal Əbdül Nasir tərəfindən 1949-cu ilin yayında Misirin 1948-ci il Ərəb-İsrail müharibəsində məğlubiyyətindən bir müddət sonra qurulmuşdu.
Əvvəlcə Camal Əbdül Nasir, Hüseyn Hamouda, Xalid Mohəddin, Kamal əl-Din Hüseyn, Salah Nasr, Əbdül Hakim Amer və Saad Tefikin daxil olduğu kiçik bir üsyançı qrup idi. Məhəmməd Naqib müharibədən sonra 1949-cu ildə Azad Zabitlər hərəkatına qoşuldu. O, müharibə zamanı qazandığı qəhrəmanlıq statusu və orduda nüfuzu səbəbi ilə respublika qurulana qədər təşkilatın rəsmi lideri oldu.
== Tarixi ==
Birinci dünya müharibəsindən sonra İngiltərənin protektoratlığı olan Misirdə milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1919-cu ilin mart-aprel aylarında və 1921-ci ilin sonlarında Misirin müxtəlif sosial təbəqələrini və ərazisinin böyük bir hissəsini əhatə edən güclü üsyanlar baş verdi. Bu üsyanlar amansızlıqla yatırılsa da, müstəmləkəçilərə onlara hakimiyyətinin dayaqsız və etibarsız olduğu nümyiş etdirildi.