Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur.
Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir.
Kənddə daimi su problemi var.
Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.