Çənəsiqıllılar
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi.
Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır.