Anayasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir.
"Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir.
"Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir.
"Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.