Andlar
Andlar — şifahi poeziyanın arxaik janrlarından biridir.
Şifahi poeziyanın ilkin janrlarından biri də andlardır. And qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə yaranmışdır. Andiçmə müqəddəs hesab edilmiş, bir sıra xalqlarda andı pozmaq üstündə ən ağır cəzalar tətbiq edilmişdir.
Hələ çox qədimlərdən anda inam qüvvətli olmuşdur. Əvvəllər insanın müxtəlif təsəvverləri ilə bağlı andlar yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan onun təsəvvürlərində və bədii yaradıcılığında ilk andlar yaranmışdır. "Ay haqqı", "Gün haqqı", "Torpaq haqqı", "Yer haqqı", "Göy haqqı", "İşıq haqqı", "Su haqqı" və s.
Nisbətən sonralar insanların sitayiş etdikləri varlıqlara bərəkət və qüdsiyyətə andiçmə ənənəsi meydana gəlmişdir. "Duz haqqı", "Bərəkət haqqı", "Duz-çörək haqqı", "Çörək haqqı", "Un haqqı", "Nemət haqqı" və s.