Ağbuğda-13
Ağbuğda-13 — payızlıq bərk buğda sortu. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun Mirbəşir Zona Təcrübə stansiyasında Apulikum 82/1 və Xoranka sortlarının çarpazlaşdırılmasından alınmışdır. Ağbuğda-13-ün sünbülü, dəni və qılçığı ağdır; ağ dənləri iri, şəffaf, uzunsov olur. 1000 dənin çəkisi 49–59 qram gəlir. Su və gübrəyə tələbkardır. Yerə yatmır, quraqlığa davamlıdır. Suvarılan sahələrdə 1 hektardan 30–35 sentner məhsul yığılır. Ağbuğda-13 oktyabrın birinci yarısında səpilir. Vegetasiya dövrü 210–220 gündür. Dağətəyi və suvarılan düzən zonalar üçün rayonlaşdırılmış buğda sortu olmuşdur.