Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.