Göy cisimləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir.
Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.
Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.