Con Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı.
Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır.
Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur.
İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.