İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum.
== Tarixi ==
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.
== Elmi nəticələr ==
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi"nin keçirilməsi haqqında sərəncamına uyğun olaraq teatr haqqında 45 ç.v. həcmində salnamə hazırlanaraq Naxçıvan MR Ali Məclisinə təqdim edilmişdir. Bu salnamədə ilk dəfədir ki, Naxçıvan teatrının yaradıcılıq yolu 1883-cü ildən 2008-ci ilə qədər tam şəkildə təhlil və tədqiq edilmişdir. Müəlliflər yeri gəldikcə əvvəlki tədqiqatlarda təhrif olunmuş faktlara təkziblər, düzəlişlər, qeydlər vermiş, hər ilin repertuar durumu, tamaşaların premyera günləri, ifaçılar ayrıca göstərilmiş, əsərləri oynanılmış bütün dramaturqlar, teatrın yaradıcılarından 116 nəfər, o cümlədən tanınmış aktyor, rejissor, rəssam, bəstəkar barədə ensiklopedik məlumat vermişlər. Teatrın 125 illik tarixində baş vermiş mühüm hadisələr hər ilin sonunda xüsusi təqdimat prinsipləri ilə tərtib edilmişdir. Teatrda ayrı-ayrı illərdə tamaşaya qoyulan əsərlərdən və arxiv sənədlərindən ibarət 200-dən artıq şəkil toplanılmış bununla yanaşı "Naxçıvan teatrı" adlı kitab və "125 yaşlı Naxçıvan teatrı" sənədli-televiziya filminin çəkilişi üçün ssenari hazırlanmışdır.
Naxçıvanın dialekt və şivələrində işlənən ərəb-fars və türk sözləri, dilimizin regional-məhəlli xüsusiyyətləri araşdırılmış, toplanan materiallar incələnmiş, sözlərin səslənməsinə görə fonetik təsnifatı müəyyənləşdirilmiş, Naxçıvan MR-ın Ordubad, Şahbuz, Babək rayonlarından toplanmış dialekt materiallar kameral işlənmiş, leksik xüsusiyyətləri araşdırılmışdır. "Naxçıvan dialekt və şivələrinin lüğəti" adlı kitab çapa təqdim edilmişdir.