Donbass müharibəsi
Donbass müharibəsi — Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibə. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin mart ayının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın Donetsk və Luqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya Federasiyası tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə Ukrayna hökuməti arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi. Öz müstəqilliyini elan etmiş separatçı Donetsk Xalq Respublikasında 2014-cü ilin may ayından rəhbərliyin dəyişdiyi avqust ayına qədər olan müddət ərzində separatçı hökumətin bir çox liderləri Rusiya vətəndaşlarından ibarət idi. 2014-cü ilin ortaları ərzində rusiyalı yarımhərbi qüvvələr separatçı döyüşçülərin 15 faizini, Ukrayna hökumətinin məlumatlarına görə isə 80 faizini təşkil edirdi. 2017-ci ilin sentyabr ayına olan məlumata əsasən Ukraynanın Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə mübarizə aparan 6,000 rusiyalı hərbçi və 40,000 nəfər separatçının olduğu hesablanmışdır.
22 və 25 avqust 2014-cü il tarixləri arasında Rusiyaya məxsus "humanitar konvoy" Ukrayna hökumətinin icazəsi olmadan ölkə ərazisinə daxil oldu. Həmin konvoylar həm rusyönümlü qüvvələrin nəzarəti altında olan ərazilərdən, həm də Donetsk vilayətinin cənub-şərqində yerləşən Novoazovsk şəhəri istiqamətindən ölkə ərazisinə daxil olurdu. Bu hadisələr Rusiya ilə sərhəd xəttindən Ukrayna hərbçilərinə məxsus müdafiə mövqelərinin atəşə tutulması ilə davam etdi. Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko 22 avqustda baş vermiş hadisələri "Ukrayna ərazisinin Rusiya tərəfindən birbaşa işğalı" adlandırdı.