Arnold Gelen
Arnold Gelen (29 yanvar 1904[…], Leypsiq, Saksoniya – 30 yanvar 1976[…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri.
Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır.
Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikrincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.