Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971).
== Həyatı ==
Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur.
1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.
1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir.
1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.
1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.
Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Ermənistan SSR əməkdar jurnalistidir.
"Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.