Avropa Siyasi İcması (2022)
Avropa Siyasi İcması (ASİ; ing. European Political Community, EPC) — 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra yaradılmış, Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forum. Qrup ilk dəfə 2022-ci ilin oktyabrında Praqada 44 Avropa ölkəsindən olan iştirakçılar, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşmüşdür.
== Tarixi ==
ASİ Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2022-ci ilin mayında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində təklif edilmişdir. O, 23–24 iyun 2022-ci il tarixlərində bunu Avropa Şurasının iclasında rəsmi olaraq təqdim etmişdir. Qrup 6 oktyabr 2022-ci ildə toplanmış, 44 ölkənin dövlət başçıları kollektiv şəkil çəkdirimişdir. Rusiya və Belarus bilərəkdən iştirakdan kənarlaşdırılmışdır.
== Məqsədi ==
ASİ-nin məqsədi bütün qitədə Avropa ölkələri üçün siyasət koordinasiyası platforması təmin etmək və Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ümumi maraq doğuran məsələlərin, xüsusilə də Avropa enerji böhranının həllinin tapılması məqsədilə siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. Aİ üzv dövlətləri ilə yanaşı, ASİ-yə Albaniya, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, İslandiya, İsveçrə, Lixtenşteyn, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, Türkiyə və Ukrayna kimi ölkələr də daxildir.
Birinci sammit zamanı razılaşdırılmışdır ki, Avropa İttifaqının rəhbərlik etdiyi missiya Azərbaycan–Ermənistan sərhəd böhranından sonra iki aylıq monitorinq müddətində Azərbaycan ilə sərhədin Ermənistan tərəfinə yerləşdirilsin.