Şardone ipəyi
Şardone ipəyi və ya reyon ("bərq vuran", "parıldayan") – XIX əsrin 70-ci illərinin sonunda fransız kimyaçısı Lui Mari Gilyar Berniqo (1839–1924), qraf de Şardone tərəfindən yaradılmış süni material, ipəyin əvəzedicilərindən biri. Kimyəvi cəhətdən Şardone ipəyi mis-ammiak ipəyi və viskoza ipəyi kimi regenerasiya olunmuş və həddən artıq çökdürülmüş sellülozadır.
== Tarixi ==
İpəyəbənzər süni parçanın əldə edilməsi mümkünlüyü entomoloq Reomür tərəfindən hələ 1734-cü ildə qeyd edilsə də, ilk belə parça ancaq XIX əsrin sonlarında əldə edilmişdi.
XIX əsrin 70-ci illərində qraf de Şardone fotoqrafiya ilə məşğul olarkən gördü ki, kollodi (fotoqrafiya lövhələrinin üstünü örtmək üçün istifadə olunan nitrosellüloz material) məhlulu tökülərkən yapışqan maddə alınır və onu kiçik dəliklərdən buraxanda ipək saplarına oxşar uzun saplar almaq mümkündür.
Şardone üçün ipəkçilik yad mövzu deyildi. Bir dəfə o ipəkqurdlarının xəstəliyini tədqiq etmək üçün öz müəllimi professor Lui Pasterlə birlikdə Liona getmişdi. Bu xəstəlik ölkənin bütün ipək industriyası üçün təhlükə idi. Xəstəliyin səbəblərini dərhal aşkar etmək mümkün olmadığından o burada qalaraq ipəkqurdlarını və onların verdiyi sapı tədqiq etmişdi.
Tarixə Şardone ipəyi və ya reyon (yəni "bərq vuran", Şardone özü materialı belə adlandırırdı) kimi daxil olmuş süni material bütün deyil, bəzi göstəricilərinə görə ipəyə bənzəyirdi: o yumşaq və parlaq idi, ancaq təəssüf ki, çox asan alovlanırdı.
Şardone öz ixtirasını 1885-ci (başqa məlumata görə, 1884-cü ildə) ildə patentləşdirdi, 1891-ci ildə isə süni ipək istehsalına başladı.