Avstraliya İttifaqı
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.