Laura Marks
Cenni Laura Marks (26 sentyabr 1845, Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı.
== Həyatı ==
Laura Marks 26 sentyabr 1845-ci ildə Brüsseldə dünyaya gəlib. Ailəsi 1849-cu ilin iyununda Londonda məskunlaşmazdan əvvəl Laura valideynləri ilə birlikdə Fransaya, sonra Prussiyaya köçüb. Onun Kubada dünyaya gəlmiş gələcək həyat yoldaşı Pol Lafarq Fransanın gənc sosialistlərindən idi. Pol Birinci İnternasionalda işləmək məqsədilə 1866-cı ildə Londona gəlmişdi. Burada o, Karl Marksla dostlaşmış və Marksın ailə üzvləri ilə, eləcə də ona aşiq olan Laura ilə tanış olmuşdu.
Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi. Ər-arvad ömürlərini birlikdə siyasi işlərlə məşğul olmaqla keçirmiş, Karl Marksın əsərini fransız dilinə tərcümə etmiş və həm Fransada, həm də İspaniyada marksizmi yaymışdılar.