Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri.
Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir.
Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.