Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı)
== Həyatı ==
Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir.
== Fəaliyyəti ==
1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.