Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı.
== Tarixi ==
30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.
ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.