Nuray Rəhman
Nuray Rəhman (16 iyun 2010, Bakı) — Azərbaycanlı musiqiçi.
İfa etdiyi bir çox mahnıların müəllifi atası Əkbər Rəhmandır.
Nuray Əkbər qızı Rəhman 16 iyun 2010-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur.
Nuray Rəhman yaradıcılıq fəaliyyətinə 2013-cü ildə ANS TV kanalında yayımlanan “İrəmlə uşaqdan böyüyə” verilişi ilə başlamışdır. Bu verilişdə fəal iştirakı ilə xalqın sevimlisinə çevirilən Nuray 2014-cü ildə Bəbir və Ülviyyə Bəbirlilərin təşkil etdiyi “Bu Mənəm” musiqili layihəsində iştirak etməklə peşəkar səhnəyə qədəm qoymuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir, N. Rəhman da bu verilişdə mahnı ifa etmişdir.
2015-ci ildə “Bu Mənəm 2” layihəsində yenidən iştirak etmiş, həmin ildən başlayaraq, “Star Kids Group"un təşkil etdiyi tədbirlərin fəxri qonağı olmuş və bu tədbirlər bir neçə il ənənəvi davam etmişdir.
2015-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaranmış “Oyuq” studiyasının fəal üzvü olmuş, 2015-ci ilin noyabr ayında “Azərbaycanın Səsi Bala” yarışmasının qalibi olaraq 1-ci yer nominasiyasına layiq görülmüşdür. Həmin ilin dekabr ayında “Türkvision Bala” yarışmasına qatılaraq, 1-ci yerə layiq görülmüşdür.
2016-cı ilin aprel ayında “Xüsusi Təyinatlı İbad” filmində əsir uşaq obrazını ilk rolu olaraq canlandırmış, həmin ildə baş vermiş Aprel döyüşlərindən təsirlənərək ailəsinin dəstəyi və iştirakı ilə söz və musiqisi Şahin Musaoğluna aid olan “İgid Əsgər” mahnısına yeni nəfəs gətirən ilk klipi təqdim olunmuşdur.