Azərbaycan Milli Parkları
Azərbaycan milli parkları — Azərbaycan Respublikasının ərazisində yerləşən milli parklar.
== Tarixi ==
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, 2004-cü ildə Hirkan Milli Parkı, Altıağac Milli Parkı, 2005-ci ildə Abşeron Milli Parkı, 2006-cı ildə Şahdağ Milli Parkı, 2008-ci ildə Göygöl Milli Parkı, 2012-ci ildə isə Samur-Yalama Milli Parkı yaradılıb.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi 13.037 hektar genişləndirilərək 29.760 hektardan 42.797 hektara, 2010-cu ildə Şahdağ Milli Parkının ərazisi 14.613,1 hektar genişləndirilərək 115.900 hektardan 130.508,1 hektara çatdırılıb.
Hazırda milli parklar 310.136,5 hektarlıq ərazi ilə Azərbaycan ərazisinin 3,58%-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Almaniya Federal Hökumətinin dəstəyi ilə "Qafqaz təşəbbüsü" proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi işlənilmiş və icrasına başlanılmış, 2012-ci ildə milli parkın yaradılmasıyla tamamlanmışdır.