Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır.
== Həyatı ==
Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir.
Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.