Şamlı (tayfa)
Şamlı — tayfa, el. Qızılbaş tayfa ittifaqına daxil olan toplulardan biri.
== "Şamlı" adı haqqında ==
Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Azərbaycan Respublikasının Qəbələ rayonundakı "Şamlı" adıdır. Məlumdur ki, "Şamlı" Şimali Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Bu faktı tarixi mənbələr də təsdiq edir.
Şamlı adının yaranması haqda Məhəmməd Həsən Vəliyevin (Baharlı) "Azərbaycan" adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq və iqtisadi oçerk) belə yazılır: "1034-cü ildən (425-ci ildən) başlayaraq Azərbaycana Səlcuq adı ilə tanınmış bir türk tayfası gəlməyə başlamışdır… Səlçuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan bir çoxları monqol hücumu dövründə onlara tabe olmaq istəməyib, Kiçik Asiyaya çıxıb getmiş və ordan sonralar müxtəlif vaxtlarda Azərbaycana gəlmişdilər, bir hissəsi isə monqollar dövründə də Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər və s. adlarla məşhurdur". M. H. Vəliyev (Baharlı) eyni əsərində daha sonra yazır: "…Başqa səlcuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyəyə gedən və Şamda (Suriya) məskən salan (o zaman Suriya Osmanlı İmperiyası|Osmanlı imperatorluğunun tərkibində olub – müəl.) səlcuqlardan ibarətdir.