Ruhlar
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir.
İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər.
Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.