Dövlət Rəmzləri Muzeyi (Tərtər)
Dövlət Rəmzləri Muzeyi – Azərbaycanın Tərtər şəhərində yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzey.
== Tarixi ==
Muzey binasının inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmışdır. 3 iyun 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuşdur. Muzeyin yaradılma ideyası İlham Əliyevə məxsusdur.
== Xüsusiyyətlər ==
Muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. İnşa olunduğu meydanın sahəsi isə 0,12 hektardır. Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.
Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir.