Gəmiqaya rəsmləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir.
Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir.
== Tarixi ==
Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.