Azərbaycanda Parlament seçimləri, 2020
Azərbaycanda parlament seçkiləri — 9 fevral 2020-ci ildə baş tutan Milli Məclisə VI çağırış seçkiləri. Bundan əlavə, bu seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olmuşdur.
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.
== Seçki sistemi ==
Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir.
Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
== Hazırlıq işləri ==
2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi.
2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.