Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq.
== Həyatı ==
Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir.
=== İş fəaliyyəti ===
Vəsadət Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir.
1983-cü ildə Vəsadət Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1999-cu ildə ATU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir.
О, uzun illər "Konsilium" (Bakı) jurnalının baş redaktor müavini olmuş, Türkiyədə çap olunan "Kardioloji" jurnalının redaksiya heyətində təmsil olunmuşdur. Hazırda Vəsadət Əzizov "Евразийский кардиологический журнал" (Moskva), "Центральный азиатский медицинский журнал"ın (Bişkək) redaksiya heyətinin, "Кардиология" (Moskva), "Кардиологический вестник" (Moskva), "Визуализация в клинике" (Moskva) jurnallarının redaksiya şurasının, "Azərbaycan kardiologiya jurnalı" (Bakı), "Azərbaycan ürək və damar cərrahiyyəsi jurnalı" (Bakı), "Sağlamlıq" (Bakı) jurnalının redaksiya heyətinin üzvüdür.