Yemişənli
Yemişanlı və ya Yemişənli — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Rayon mərkəzindən 18 km cənubda, Padar kəndinin şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Padar İnzibati Ərazi Dairəsinə daxildir. Qəbələ rayonunda eyni adlı, Gədəbəydə isə Təkyemişan adlı kəndlər var. Tədqiqatçılar bu sözü yemişan bitkisinin adı ilə əlaqələndirirlər. Bizim fikrimizcə bu söz etnik mənşəli, yaxud mifik təfəkkürlə bağlı toponimdir, “yum” və “qam” (qam-şaman) sözlərinin təhrif olunmuş formasıdır. “Yum”-əski türk-oğuzlarda “xeyir-dua” anlamındadır. Onıarda xeyir-dua verən, söz söyləyən, yol göstərən müdriklərə, ağsaqqallara yumçu da deyilirdi. “Kitabi - Dədə Qorqud” dastanında boyların sonunda el ozanı Dədə Qorqud gəlib boy boylayır, söy (söz) söyləyir, yum (xeyir dua) verirdi. “Şam” (qam-şaman) isə “h ə k i m”, “y o z u c u”, “qabaqcadan xəbər verən” mənalarını daşıyır.