Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans.
== Yazılma tarixi ==
Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.