Ətriyyat
Ətriyyat — çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif ətirli maddələrdir. Çox zaman ətriyyat dedikdə incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr - mayelər, sular, yağlar, məlzəmələr nəzərdə tutulur. Ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Onlardan xəstəliklərin müalicəsində də istifadə olunur.
== Azərbaycanda ətriyyatın inkişafı ==
Azərbaycan əttarlarının hazırladıqları müxtəlif təyinatlı ətriyyat maddələrindən Avropa ölkələrinin kral saraylarında xüsusilə məşhur olduğu barədə tarixi qaynaqlarda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Azərbaycanın 9 iqlim qurşağına malik olması burada dünyanın bir çox ölkələrində rast gəlinməyən nadir çiçək və otların yetişməsinə şərait yaratmışdır.
== Ətriyyat maddələri təbabətdə ==
Qədim zamanlardan bu günümüzə kimi insanlar bu və ya digər cismani narahatlıqlar, müxtəlif xəstəliklər zamanı ətriyyat maddələrindən istifadə edərək şəfa tapmışlar. Məsələn, bənövşə yağı əsasən ürək ağrıları, ürək döyüntüləri, qəlb sıxıntıları və narahatlıqlarında istifadə olunub. Qızılgüldən alınan gülab maddəsi isə qan təzyiqini, sinə ağrılarını, ürək döyüntüsünü aradan qaldıran ən təsirli vasitədir. Süsənbər çiçəyinin ləçəklərindən alınan şirə isə həm bəzi daxili xəstəliklər- mədə xorası, bağırsaq narahatlığı, həzm prosesinin pozulması hallarında dərman kimi işlənmiş, həm də uzun müddətli və cazibədar rayihəsi olan ətriyyat kimi tanınmışdır.