Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir.
Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.