Belçikanın işğalı (1940)
Belçikanın işğalı və ya Belçika kampaniyası (10-14 may 1940) — İkinci Dünya Müharibəsi zamanı Fransa kampaniyasının gedişində alman silahlı qüvvələrinin (vermaxt) Belçika qoşunlarına qarşı strateji hərbi əməliyyatı və Belçikanın Üçüncü Reyx tərəfindən işğal edilməsi.
== Tarixi ==
Belçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi. Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi. Almaniya ilə müharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi.
Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord Con Qortun komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi.