Cəbəcilər
Cəbəcilər Ocağı (Türkcə: Cebeci Ocağı) — Osmanlı ordusunu təşkil edən Qapıqulu ocaqlarından biri.
== Haqqında ==
Cəbəci sözü monqol dilindən tərcümədə "silah, zireh" mənasını verən cəbə sözündəndir. Yeniçəri ocağı üzvlərini ox, kaman, qılınc, zireh, tüfəng, barıt, güllə kimi silah və döyüş sursatları ilə təmini, bunların istehsalı, təmiri və saxlanılması ilə məşğul olan ocağın adıdır. Quruluş tarixi dəqiq bilinməsə də, XV əsrin ortalarından mövcud olmuşdur.
Cəbəcilər ocağına üzvlər isə Yeniçəri ocağında olduğu kimi Əcəmi oğlanlarından seçilirdi. Ocağa yeni alınanlar öncə şagird, daha sonra isə usta adlanırdı. Ocaq nizamının pozulmasının ardından Əcəmi ocağından başqa, digər mənbələrdən də üzv seçilirdi. Hətta evlənməsinə icazə verilən cəbəcilərin övladları da qeyd olunurdu. Cəbəcilər ocağı da eynilə Yeniçəri ocağı kimi dəstələrdən ibarət olmuşdur. Bu dəstələrin sayı 66-ya çatırdı.