Yakov Keylixis
Yakov Keylixis (Yakov İosifoviç Keylixis, 11 may 1872, Balta[d], Podolsk quberniyası[d] – 1950, Bakı) — heykəltaraş, Bakıda qoyulmuş ilk heykəlin müəllifi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1949).
1872-ci ildə Odessa yaxınlığındakı Balta şəhərciyində yəhudi taciri İosif Keylixisin ailəsində anadan olmuşdur. Biznesini genişləndirən İosif Keylixis bir neçə ildən sonra Odessaya köçür. Odessada Yakov atasının xeyir-duası ilə əvvəlcə Odessa rəssamlıq məktəbinə, daha sonra Odessa Rəssamlı Texnikumuna daxil olur. Odessa Bədii məktəbində Yakov florensiyalı professor Luici Yorininin sinfində təhsil alır və elə burada Yakovun heykəltaraşlığa meyli hiss olunmağa başlayır.
İmperator Karakallanın büstünə görə Odessa sərgisində bürünc medal qazanan Yakov Keylixis daha sonra Peterburq İmperator Rəssamlıq Akademiyasına qəbul olur. Təhsildə qazandığı uğurlara görə onu İtaliyaya, Florensiya Rəssamlıq Akademiyasına oxumağa göndərirlər. Burada o professor Montinin emalatxanasında əvvəlcə təcrübə qazanır, sonra isə işləməyə başlayır.
Yakov Keylixisin ilk iri işi 1897-ci ildə Florensiyada bədii sərgidə nümayiş etdirilmişdi və dəniz sahilində yengəc (krab) tutmuş oğlanı təsvir edirdi.