Mona Liza
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.
Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.
Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.