Maksim Musayev
Maksim Talıb oğlu Musayev (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000).
== Həyatı ==
Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.