Muhamməd Əfəndi Osmanov
Muhamməd Əfəndi Osmanov (24 fevral 1838 və ya 1840, Yaxsay, Xasavyurd rayonu – 1904) — görkəmli qumuq folklorşünası, şairi, araşdırmaçısı, hərbçisi və Peterburq Universitetinin müəllimi olmuşdur.
== Həyatı ==
Muhamməd Əfəndi 1838-ci ildə Yaxsay kəndində anadan olub. Tersk vilayətinə daxil olan bu kəndi qumuqların mədəni mərkəzi sayılıb. Kənddəki mədrəsə yalnız Dağıstanda deyıl, Şimali Qafqazda və Azərbaycanda da savadlı din alimlərilə seçilib. Mədrəsəni bitirənlərin əksəriyyəti elm və ədəbiyyatda iz qoymuş insanlar kimi tanınıb. Yaxsayda doğulmuş M. E. Osmanov, M. Alibekov, N.və Z. Batmirzəyevlər, A. Maqamedov, A. P. Salavatov, A. V. Süleymanov, S. Tokblatov, Ş. Aliberiyev, Atabayev, Latip, M. A. Adilxanov Y. Alimxanov və başqaları şair, yazıçı, publisist kimi tanınmışlar. Azərbaycanlı şair Seyid Əzim Şirvani, Balkar şairi Kazım Meçe və b. da bu mədrəsədə oxuyub.
Seyid Əzim Muhamməd Əfəndi ilə Yaxsay mədrəsəsində oxuyarkən tanış olub və dostlaşıb. Bu dostluq ömrünün sonunadək davam edib.